Elxan Məmmədov: FİFA Reynaldoya görə Azərbaycanı cəzalandıra bilər
23.09.2014 - 14:19
Elxan Məmmədov: FİFA Reynaldoya görə Azərbaycanı cəzalandıra bilər

Bakıda “Mançester Yunayted”in futbol məktəbinin açılması münasibətilə bu gün “Bayıl Arena”da tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, toplantı haqda öncə AFFA-nın baş katibi Elxan Məmmədov danışıb.

 

“2 il ardıcıl “Mançester Yunayted”in yay futbol məktəbini təşkil etdik. Bu uğurlu layihənin nəticəsində azyaşlı futbolçularımız “Old Trafford”da məşq keçdi. Bu müddətdə aktiv fəaliyyətimiz nəzərə alınaraq, Bakıda “Mançester Yunayted”in məktəbinin açılması ilə bağlı müzakirələr getdi. Nəhayət, ölkəmizdə bu klubun futbol məktəbinin açılması qərara alındı” – deyə, baş katib bildirib.

 

Məmmədov əlavə edib ki, AFFA-nın “Mançester Yunayted”lə bağladığı müqavilənin müddəti 4 illikdi: “Bu klubun Bakıdakı məktəbində 11 yaşadək futbolçular təhsil alacaq. Sonradan bu müqavilənin müddətini uzatmaq olar. Bu, bizim bağladığımız müqavilələr içərisində ən böyüyüdü”.

 

Baş katib apasport.az saytının müxbirinə açıqlamasında “Qarabağ”ın braziliyalı legioneri Reynaldonun milliləşdirilməsi ilə bağlı da açıqlama verib: “Hələlik Reynaldonun milliləşdirilməsi ilə bağlı FİFA-ya müraciət etməmişik. Əgər biz ona Azərbaycan pasportu verib millidə oynatsaq, FİFA tərəfindən cəzalana bilərik. Reynaldo Braziliyada doğulub, ata-anası və ya baba-nənəsinin Azərbaycanla heç bir bağlılığı yoxdu. Reynaldo dos Santos Silva adında azərbaycanlı olar? Azərbaycanda heç 5 il çıxış etməyib ki, onu milliləşdirə bilək. Ona görə də hələlik gözləmə mövqeyindəyik”.

 

 Qeyd edək ki, 6 azərbaycanlı futbolçu artıq Yay Futbol Məktəbindən seçilib və "Old Trafford"da məşq etmək imkanı qazanıb.

 

 

0