Milli komandamız Macarıstanda
17.01.2010 - 19:58
Milli komandamız Macarıstanda
Azərbaycan futzal yığması tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak məqsədilə bu gün günorta saatlarında Macarıstanın paytaxtı Budapeştə gəlib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, səfərə futzalçılar, AFFA rəsmiləri, media nümayəndələri və azarkeşlərdən ibarət 28 nəfərlik heyət çıxıb. Bakı - İstanbul - Budapeşt reysi ilə uçan milli komandamız Macarıstan paytaxtında “Danubius Health Spa Resort” otelində məskunlaşıb.

Baş məşqçi Joze Alesio da Silva bu gün Bakı vaxtı ilə saat 21:00-da yetirmələrinə ilk məşqi keçəcək. Növbəti məşq isə sabah 14:00-a təyin edilib. Bu, yanvarın 19-da qarşılaşacağımız meydan sahibləri ilə oyunöncəsi son hazırlıq prosesi olacaq. Da Silvanın ilk mətbuat konfransının da vaxtı dəyişib. Braziliyalı mütəxəssisin jurnalistlərlə sabahkı görüşü Bakı vaxtı ilə saat 13:30-da deyil, 17:00-da başlanacaq.

AFFA-nın digər rəhbər şəxsləri, eləcə də Futzal Federasiyasının prezidenti Zaur Axundov isə qarşıdakı günlərdə Budapeştə yollanacaq.

Xatırladaq ki, Azərbaycan - Macarıstan matçında start fiti yanvarın 19-da saat 20:30-da çalınacaq.
0