Tuncay Şanlı seks qalmaqalında!
25.03.2010 - 11:52
Tuncay Şanlı seks qalmaqalında!
Türkiyə milli komandasının və İngiltərənin “Stouk Siti” klubunun futbolçusu Tuncay Şanlının adı seks qalmaqalında çəkilir. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı 28 yaşlı hücumçunu keçmiş komanda yoldaşının xanımı ilə eşq macərası yaşamaqda ittiham edir.

Qəzetlərdə yer alan xəbərdə bildirilir ki, hadisə Tuncayın “Middslbro”da oynadığı dövrdə baş verib. İddiaya görə, türk futbolçu komanda yoldaşı Aliaderin xanımı Leylani Doudinqlə yaxın münasibətdə olub.

Təbii ki, bu xəbər Tuncayı sarsıdıb. Vəkillərə lazımi tapşırıqlar verildiyini bildirən onun meneceri Hakan Özlü ciddi tədbir görəcəklərini bildirib: “Belə əsassız məlumatlarla Tuncay Şanlını gözdən salmaq istəyirlər. Artıq vəkillərimiz fəaliyyətə başlayıblar. Haqqımızı hüquqi müstəvidə tələb edəcəyik”.

Qeyd edək ki, analoji xəbər bu ilin yanvarında İngiltərə yığmasının və “Çelsi”nin üzvü Con Terri barədə də yayılmışdı. Sabiq komanda yoldaşı Ueyn Bricin xanımı ilə eşq macərası yaşayan və hətta onu hamilə qoyan Terriyə bu, baha başa gəlmişdi. Futbol ictimaiyyətinin əksər nümayəndələri Conu qınamış, milli komandanın baş məşqçisi Fabio Kapello isə kapitanlıq sarğısını onun əlindən almışdı.
0